İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub

Sentyabrın 17-də məktəbdə ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr olunub.
İlk öncə vətənpərvərlik nümunəsi kimi pedaqoji və şagird heyəti tərəfindən iş həftəsinə Azərbaycan Dövlət himninin ifası ilə başlanıb.
Məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova "Vətənim Azərbaycan" mövzusu çərçivəsində nümunəvi dərs aparıb. Birincilər "Vətən", "Azadlıq", Vətənpərvərlik mövzusunda şeirlər söyləyib. Nəzakət Mansurova: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bizim məqsədimiz uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir" fikrlərini qeyd edib.