Növbəti "Qızıl medal"çımız

Mayın 25-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sevindirici və qürur verici haldır ki, təşkil olunmuş böyük layihənin Respublika turunda Coğrafiya fənnindən məktəbimizin 11- ci sinif şagirdi Musayev Məzahir İlham oğlu I yeri tutmuş və qızıl medalla təltif edilmişdir. Onu da qeyd edək ki, Məzahir Musayev 9- cu sinifdə oxuyarkən də Coğrafiya fənnindən I yeri tutmuş və qızıl medal almışdır. Biz də öz növbəmizdə “Qalibimizi” təbrik edir, ona müvəffəqiyyətlər arzu edirik.