Yeni dərs ilinə start verildi

Sentyabrın 15-də məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə rəsmi mərasim keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.
Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edib, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən, şanlı Zəfər tarixi yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, vahid dövlət-ordu-xalq birliyindən danışıb.
Tədbirdə Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov iştirak edib. Eldəniz Sadıqov Azərbaycan Ordusunun döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdirmələrindən, döyüş zamanı Azərbaycan ordusunun əsgər və zabitlərinin ruh yüksəkliyindən geniş söhbət açıb.
Sentyabrın 15-də məktəbdə bütün siniflərdə ilk dərs saatları “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Onu da qeyd edək ki, məktəbdə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuzun şəhid olması ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərə 15 Sentyabr – Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırığına riayət olunub.