Adı məktəbin “Şərəf kitabı”na yazılacaq

Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən 2021-2022-ci tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məktəbin 11 “C” sinif məzunu Yusif Həsənov qızıl nişanla təltif olunub.
Avqustun 5-də məktəbin direktoru Xanlar İmaməliyevin təqdimatında məktəbin 11 “C” sinif məzunu Yusif Həsənova qızıl nişan və üzlüyü sarı (qızılı) tam orta təhsil haqqında xüsusi nümunəli attestat verilib.
Məktəb rəhbərliyinin verdiyi məlumata görə məktəbin 11 “C” sinfinin məzunu Həsənov Yusif Əhməd oğlu 1-ci sinifdən 11-ci sinfə qədər bütün fənlərdən əla qiymətlərlə oxuyub, keçirilən müsabiqə və olimpiadalarda uğurla iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında yüksək bal toplayıb və bütün fənlərdən əla qiymətlər aldığına görə ümumi orta təhsil haqqında fərqlənmə attestatı alıb və eyni zamanda Respublika fənn olimpiadalarında final turunda riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb.
Yusif Həsənovun adı məktəbin “Şərəf kitabı”na yazılacaq.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.