Balaca gimnast Serbiyada beynəlxalq turnirdə uğurla çıxış edib

Dekabrın 5-də Serbiyada bədii gimnastika üzrə Beynəlxalq Gimnastika Federasiyasının dördüncü “Butterfly Cup - Novi Sad–2021” beynəlxalq turniri keçirilib. Turnirdə məktəbin 3 “F” sinif şagirdi Fərəh Əhmədzadə gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz üçüncü yerə, alətlə isə dördüncü yerə çıxıb. Ona medal və diplom təqdim olunub.
Fərəh Əhmədzadə: “Ən böyük arzum gələcəkdə milli komandanın heyətində irimiqyaslı yarışlarda çıxış etməkdir. Möhtəşəm Milli Gimnastika Arenasında öz gücümü nümayiş etdirib üçrəngli bayrağımızı dalğalandırmağı arzulayıram. Bundan sonra daha əzmlə çalışıb mənə dəstək olanların ümidlərini doğrultmağa çalışacağam” deyib.
Məktəb rəhbərliyi və kollektivi adından Fərəh Əhmədzadəni təbrik edirik, uğurlarının davamlı olmasını arzu edirik!