Şəhid övladına məktəbli ləvazimatları hədiyyə edilib

Oktyabrın 4-də məktəbdə təşkil edilmiş məktəbəhazırlıq qrupuna məşğələyə gələn Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Əhədzadə İlkin Qələmşah oğlunun övladı Əhədzadə Uğur İlkin oğlu və şəhidin qardaşı oğlu Əhədzadə Ülvi Elvin oğlu məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən xüsusi qayğı ilə qarşılanıb və onlara xüsusi diqqət göstərilib.
Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş Əhədzadə İlkin Qələmşah oğlunun məktəbəhazırlıq qrupunda təhsil alan övladı və şəhidin qardaşı oğlu ilə görüşərək, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan eyni zamanda Vətən övladlarının Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açıb, onların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən yolunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabiti Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərərək nəinki Azərbaycan, bütün dünya hərb tarixinə “44 günlük Vətən müharibəsi” başlıqlı şanlı səhifə yazdı. Bu müharibə ilə biz dünyaya haqq-ədalətin necə bərpa edilməsini, 30 illik həsrətə dözərək və nəhayət, sonda haqqımız olan Zəfəri necə qazandığımızı göstərdik. Əlbəttə ki, bütün bunlar Vətən uğrunda canını qurban vermiş Vətən müharibəsinin şəhidi Əhədzadə İlkin Qələmşah oğlu kimi igid oğullarımızın sayəsində gerçəkləşdi.
Xanlar müəllim torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə məktəb rəhbərliyi tərəfindən daim xüsusi diqqət və qayğı göstəriləcəyini vurğulayıb.
Məktəbin direktoru Xanlar İmaməliyev şəhid övladına və şəhidin qardaşı oğluna dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edib. Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.