Şagirdlərin icbari dispanserizasiyadan keçirilməsi diqqət mərkəzindədir

Məktəbin həkimi Samirə Əliyeva: Bakı şəhəri 236 nömrəli tam orta məktəbdə uşaqlar arasında qurd invaziyalarının qarşısının alınması üçün Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən profilaktik müayinələr aparılır.
Məktəbə nəzarət edən pediatr və tibb bacısı uşaqlar və valideynlər arasında sanitar-gigiyenik qaydalar, həmçinin peyvəndlərin əhəmiyyəti və vurulma səbəbləri, uşaqların düzgün qidalanması və aktiv həyat tərzinin faydaları haqqında maarifləndirici söhbətlər aparırlar.
Valideynlərini itirmiş, yaxud valideynlərinin həyat şəraiti çətin olan uşaqların aşkar edilməsi və qeydiyyata alınması daim məktəb rəhbərliyi tərəfindən diqqətdə saxlanılır.
Məktəbin həkimi, psixoloqu və tibb bacısı tərəfindən il ərzində “Sağlam uşaqlarla sağlam gələcəyə” adlı maarifləndirici tədbirlər keçirilir, mövzu ətrafında geniş və əhəmiyyətli məlumatlar verilir.
Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütövlükdə, ölkəmizin ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə hamımızın borcudur.