Heydər Əliyev və müstəqil Azərbaycanın təhsil sistemi

”bakimektebleri.edu.az/236/” YAP-ın veteranı, Bakı şəhəri 236 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Xanlar İmaməliyevin ümummilli lider Heydər Əliyevin Azərbaycanın təhsil sahəsinə diqqəti, qayğısı və inkişaf yolundakı göstərdiyi əvəzsiz xidmətləri ilə bağlı qeydlərini təqdim edir.

1991-ci ildə müstəqillik qazanan Azərbaycanın təhsil sisteminin yeni şəraitə uyğunlaşması zərurətə çevrilmişdi. Bu məsələ isə yalnız ulu öndər Heydər Əliyev respublikaya siyasi hakimiyyətə gəldikdən sonra öz həllini tapdı. Azərbaycanın təhsil siyasətinin böyük qurucusu ümummilli lider Heydər Əliyevin təhsil islahatları milli təhsilimizin inkişafının əsasını qoydu. O illərdə milli təhsil sisteminin qurulması məqsədilə qəbul olunan “Təhsil islahatları proqramı“ əsasında təhsil sistemində müasir texnologiyaların tətbiqinə islahatlar istiqamətində məqsədyönlü fəaliyyətə başlanıldı.Təhsil sahəsi üçün büdcə vəsaiti ilbəil artırıldı, müəllimlərin sosial müdafiəsi gücləndirildi və təhsil müəssisələri şəbəkəsi təkmilləşdirildi. Bununla da müstəqil dövlət quruculuğu uğrunda gedən ən mürəkkəb və ən mühüm işlərdən biri təhsil və gənc nəslin təlim–tərbiyəsi işi oldu.Təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili müəllim əməyinin qiymətləndirilməsi, dərsliklərin təkmilləşdirilməsi Azərbaycan təhsilinin kökündən dəyişməsinə şərait yaratdı.

Ümummilli lider Heydər Əliyev milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, milli təhsilimizin yüksəlişinə rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Belə ki, Azərbaycanda təhsil siyasətinin inkişafı və bu inkişaf prosesinin dünya təhsil sisteminə inteqrasiyasına 1993-cü ildən başlanmışdır. Bu illərdə Azərbaycanda təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində zəruri addımlar atıldı ki, bu da ümumilikdə milli təhsilimizin forma və məzmunca zənginləşməsində yeni təlim texnologiyalarının tətbiqinə geniş imkan yaratdı. 1993-cü ilin ikinci yarısından başlayaraq intensiv inkişaf dövrünü yaşayan təhsil siyasəti ümummilli lider Heydər Əliyevin birbaşa məqsədyönlü fəaliyyəti ilə bağlıdır.Ulu öndər deyirdi: ”Təhsil sistemimizin hazırkı vəziyyətini öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”. 2002-ci ildə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında“, 2003-cü ildə ”Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında“ sərəncamları milli təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması isiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.

Dostluq, qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə inkişafının zəruri olduğunu bildirən ulu öndər təhsil sahəsində əməkdaşlığı da yüksək qiymətləndirirdi. Müstəqilliyinin bərpasından az müddət sonra Azərbaycanın dünyaya geniş miqyasda inteqrasiyası onun təhsil sahəsində də beynəlxalq aləmə inteqrasiyasını zəruri etmişdir. Gənc, müstəqil dövlət olmasına baxmayaraq, az bir vaxtda milli təhsil sahəsində xeyli işlər görülmüş, müstəqil Azərbaycan Respublikasının müstəqil təhsil sistemi artıq beynəlxalq təhsil sisteminə nəzərəçarpacaq qədər inteqrasiya edə bilmişdir. Bu, milli təhsil sistemimizin strukturunda, dərs vəsaitlərində, baza təhsil və fənn proqramlarında, tədris planlarında, tədrisin təşkili və idarə olunmasında, müəllim-şagird kontingentinin yaradılmasında, təhsil idarəetmə orqanlarının və tədris müəssisələri strukturlarının təşkilindəki islahatlarda öz əksini tapır.

Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərin dövlət hesabına xarici ölkələrdə təhsil alması ümummilli liderin təhsil sahəsində misilsiz xidmətləridir.

Ulu öndər deyirdi: “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Əgər onun fundamental, köklü orta təhsili varsa,o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, .cəmiyyətimizin şüurlu üzvü olacaqdır. ”Ümumtəhsil məktəblərində qazanılan biliklərə yüksək qiymət verən Heydər Əliyev hər bir insanın cəmiyyətdə müəyyən mövqe tutmasında orta təhsilin rolunu xüsusi qeyd edirdi. Ulu öndər ümumtəhsil məktəblərində şagirdlərin hərtərəfli bilik almalarının, onlarda geniş dünyagörüşünün formalaşdırılmasının, mühüm elmlər üzrə məlumatlı olmalarının vacib olduğunu, lakin ana dilimizi, ədəbiyyatımızı, tariximizi bütün şagirdlərə öyrətməyin, əxs elətdirməyin daha vacib olduğunu bildirir və bununla da milli təhsilimizin əsas məzmununu formalaşdırmaq kimi çox məsul bir işi biz pedaqoqların qarşısında vəzifə olaraq qoyurdu. Çünki sabahımız, gələcəyimiz olan gənc nəslin milli idealogiyaya yiyələnməsi ilk olaraq məktəbdən başlayır və bu işin düzgün təşkili məhz təhsil işçilərinin üzərinə düşür. Ulu öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar bu gündə ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Təhsildə mühüm amillərdən sayılan iqtisadi siyasət məsələləri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra mərhələli şəkildə aparılmış, Azərbaycan büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin miqdarı artırılmışdır. Bu da öz növbəsində Azərbaycan gəncliyinin inkişafına böyük təkan vermiş, onun cəmiyyətdə özünü təsdiq etməsində önəmli rol oynamışdır.

Cəmiyyətin həyatı ilə sıx bağlı olan təhsil sahəsi bu sahəyə sistemli yanaşmanı, islahatların elmi əsaslarla aparılmasını tələb edir. Ən başlıcası isə odur ki, Azərbaycanda təhsil islahatı dövlətin siyasətində mühüm yer tutur, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət syasəti ilə vəhdət təşkil edir. Fəxrlə qeyd etmək olar ki, dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda dinamik inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan ölkə başçısı İlham Əliyev elm və təhsilin problemlərini diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir.

Artıq bütün bəşəriyyət, bütün xalqlar və bütün millətlər bilirlər ki,elm və təhsil insanların ən böyük mənəvi dəyərləri olaraq sabit inkişafı təmin edən mühüm amillərdir. Keyfiyyətli orta təhsili olmayan, yəni baza təhsilinə malik olmayan insanların elmi araşdırmalar aparması, başqa sözlə desək, müasir texnologiyaları mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan heç bir sahədə inkişafa nail olmaq mümkün deyil. Qlobal dəyişikliklər baş verən bir dövrdə biz bütün səylərimizi bu böyük sərvətin qorunub saxlanmasına sərf etməliyik. Məhz yüksək intellektual potensialı olan bir ölkədə qüdrətli vətəndaş cəmiyyəti yarana bilər.

Cəmiyyətin tərəqqisində xüsusi yeri olan təhsil milli məfkurənin güclənməsində, dövlətçilik şüurunun formalaşmasında və ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsində çox böyük təsir gücünə malikdir. Ölkə başçısı cənab İlham Əliyev bu istiqamətdə uğurlu siyasət yürüdərək milli təhsilimizin inkişafına hesablanmış mütərəqqi islahatlar aparır. Biz pedaqoqlar da fəaliyyətimizdə ulu öndər Heydər Əliyevin tövsiyyələrinə sadiq qalaraq məktəbimizdə şagirdlərin zəruri biliklərə yiyələnnməsi, seçdikləri ixtisaslara uyğun fənnləri daha dərindən öyrənmələri və vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün bütün qüvvələrimizi səfərbər edərək ölkəmizdə dinamik inkişaf edən milli təhsilimizin davamlı, dayanıqlı inkişafına öz töhfələrimizi verməyə çalışırıq.

 

Yeni Azərbaycan Partiyasının veteranı, Əməkdar müəllim, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təltifçisi, Bakı şəhəri 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi