Şəhid olmasaydı, bu gün 21 yaşını qeyd edəcəkdi...

Martın 24-də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan və torpaqlarımızın otuz illik işğaldan azad olunması ilə nəticələnən “Dəmir yumruq” əməliyyatında - 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Bakı şəhəri 236 nömrəli tam orta məktəbin məzunu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu - əsgər İbrahimli Cavidan Nizami oğlunun doğum günü şəhidin yaxınları və məzunu olduğu 236 nömrəli tam orta məktəbin kollektivi tərəfindən dərin ehtiramla anılıb.
Mərasim iştirakçıları əvvəlcə şəhidin boya-başa çatdığı ata evinə gəlib, ailə üzvləri ilə görüşüb, başsağlığı verərək qayğıları ilə maraqlanıblar.
Daha sonra şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxunub və məzarı üzərinə çiçəklər düzülüb.
Onu da qeyd edək ki, İbrahimli Cavidan Nizami oğlu (ölümündən sonra) dekabrın 15-i Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı, dekabrın 25-i isə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.