“Oxu və əylən!” adlı müsabiqənin qalibləri mükafatlandırılıb

Yanvarın 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında keçirilən “Oxu və əylən!” adlı müsabiqənin qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə təşkil olunub.
Qaliblər sırasında 1-ci yer alan 236 nömrəli tam orta məktəbin 5 “B” sinif şagirdi Nuray İbadlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplom və qiymətli hədiyyəsi ilə mükafatlandırılıb.
Müsabiqənin təşkil edilməsində məqsəd şagirdlərin oxu vərdişlərini təkmilləşdirmək, onlara uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərini aşılamaq, şagirdlərin təxəyyül, təfəkkür və nitqini inkişaf etdirmək, onlarda obrazlı təsəvvürlər əsasında ətraf aləm haqqında bilikləri formalaşdırmaqdan ibarət olub.