"Baharın sehri - Novruz gəlir" adlı tədbir keçirildi

18 Mart 2025-ci il tarixində məktəbdə "Baharın sehri - Novruz gəlir" adlı tədbir keçirildi. Tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verildi. Tədbirdə çıxış edən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin biologiya müəllimi Xaqani Alməmmədov deyib ki, dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaradıb və bu ənənələri nəsildən-nəsilə ötürüblər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaradıb. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşıb. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır: “Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir. Təbii ki, axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarını elə köhnə ildə də qalmasını arzulayır.Sonra şagirdlərin ifasında milli rəqslər, şerlər, Kosa və Keçəlin məzəli əhvalatları, Bahar qızın gəlişi tədbiri maraqlı edib. Sonda məktəb rəhbərliyi tərəfindən tonqal qalandı, yallı gedildi.