Su çərşənbəsi - Novruzun ilk çərşənbəsi

Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.
Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, bu gün su canlanır, oyanır və saflaşır. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır. Şagirdlər Su çərşənbəsinə-Novruza həsr olunan şeirlər söylədilər, keçmiş inanclardan danışdılar. Sonda Novruzun gözəl adət-ənənələrindən biri olan, uşaqlara sevinc bəxş edən yumurta döyüşü keçirildi.