8 noyabr Zəfər gününə həsr olunmuş “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirildi
06 noyabr 2024-cü il tarixində məktəbin UBTR Günel Cəbrayılovanın təşəbbüsü ilə 8 noyabr Zəfər gününə həsr olunmuş “Qərənfildən Xarıbülbülə” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı.
Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Arzu Abdullayev bildirdilər ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
Tədbirdə məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik ruhunu artıran şeirlər və musiqi nömrələri təqdim olundu. Yekunda, xatirə şəkli çəkdirildi.