“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2023-2024-cü tədris ili üzrə keçirilən yekun dərs
29 may 2024-сü il tarixdə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə məktəbin akt zalında Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı yekun dərs keçirilib.Keçirilən yekun dərsdə məktəbin direktoru Lamiyə Quliyeva Pirallahı Rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Yekun dərs Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Lamiyə Quliyeva qonaqları salamlayaraq bildirib ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. O vurğulayıb ki, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynamışdır.
Yekun dərsi təqdim edən 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov “Azərbaycanın dövlət müstəqilliyinin bərpası edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda çıxış edərək mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlının - Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Azərbaycanda hakimiyyətinin hər iki dönəmində təhsilin ulu öndərin qayğısı, diqqəti ilə inkişaf yoluna qədəm qoyduğunu söyləyən E.Həsənov qeyd edib ki, bütün fəaliyyəti dövründə elmə, təhsilə prioritet kimi yanaşan Heydər Əliyev tərəqqinin yeganə yolunun məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü.Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərsləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, Azərbaycan məktəbliləri Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən faydalanaraq layiqli vətəndaş kimi yetişəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər. Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair şagirdləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərin ifasında dahi rəhbərə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycanın tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.