"Vətən bizi səsləyir" adlı inşa-yazı müsabiqəsi keçirildi
16 yanvar 2023-cü il tarixində məktəbdə 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə "Vətən bizi səsləyir" adlı inşa-yazı müsabiqəsi keçirildi. Məktəbin V-XI sinif şagirdləri müsabiqədə iştirak edib faciə ilə bağlı ürək sözlərini öz yazılarında əks etdirməyə çalışdılar. Məqsəd 20 Yanvar faciəsi qurbanlarının yad edilməsi, gənc nəslin nümayəndələrində doğma Vətənə sevgi hissinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.