Aprel döyüşlərində şəhid olmuş vətən oğulları yad edildi
02 aprel 2021-ci il tarixində Aprel döyüşləri və bütünlüklə şəhid olmuş vətən övladlarının xatirəsi məktəbdə yad edildi. Tədbir mövcud karantin qaydalarına uyğun təşkil edildi. Anım mərasimində Aprel döyüşlərində şəhid olan Sarvan Mehrəliyevin qardaşı Namiq Mehrəliyev və şəhidin döyüş yoldaşları da iştirak etdilər. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova bildirdi ki, xalq olaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi daima əziz tutulur. Şəhidlərin xatirəsi üçün məktəbimizdə müxtəlif tədbirlər, şəhid ailələri ilə görüşlər, söhbətlər keçirilir. Bununla yanaşı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün məktəbin foyesində, sinif otaqlarında xüsusi guşələr, foto-stendlər də təşkil olunub. Daha sonra çıxış edən Sarvan Mehrəliyevin qardaşı, eyni zamanda Aprel döyüşlərinin iştirakçısı Namiq Mehrəliyev fəxrlə şəhidin döyüş yolundan danışaraq qeyd etdi ki, qardaşı ilə eyni döyüşdə vuruşub və qardaşı şəhidlik zirvəsinə onun qollarında ucalıb.
Görüşün sonunda məktəbin direktor əvəzi Seymur Yusibov vurğulayıb ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaq. Şəhidlərin xatirəsinə ehtiram hamımızın vətəndaşlıq borcudur. Eyni zamanda da biz müəllimlər xalq üçün, Vətən üçün hər zaman yorulmadan fəaliyyət göstərərək vətənpərvər övladlar yetişdirməklə yanaşı ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir ölkəmizi ölkə başçısı cənab İlham Əliyev tərəfindən işıqlı gələcəyə aparmaq yolunda ona dəstək olaraq, ətrafında sıx birləşib “dəmir yumruq” olmalıyıq.