DƏMİR QANADLI QƏHRƏMAN
22 oktyabr 2024-cü il tarixində Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid Qasımov Ramiz Vaqif oğlunun adını daşıyan 216 nömrəli tam orta məktəbdə şəhidin büstünün açılış mərasimi oldu. Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Hava Döyüş Komandanlığının Qərargah rəisi, general-mayor Həsən Əlövsədov, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş, RİH başçısı Aparatının nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qulluq etdiyi hərbi hissənin zabitləri və məktəb kollektivi iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək Ramiz Qasımovun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açdı. E.Salahov bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalmış, gənc nəslə örnək nümunəsi, hərb tariximizin ləyaqətli siması, öz məğrurluğu, hünəri ilə adı tariximizə əbədi yazılan polkovnik-leytenant Ramiz Qasımovun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.
Tədbirdə çıxış edən digər qonaqlar qəhrəmanımızın keçdiyi döyüş yollarından, göstərdiyii şücaət və qəhrəmanlıqlardan danışaraq qeyd etdilər ki, artıq neçə il idi işğalda olan torpaqlarımız igid oğullarımızın, ordumuzun və bu ordunun Müzəffər Ali Baş Komandanının qətiyyəti ilə geri alındı. 44 gün davam edən haqq savaşında Ramiz kimi qəhrəmanlarımız bir an belə ruhdan düşmədən, geri çəkilmədən, yüksək ruhla mübarizəni davam etdirərək tarix yazan millət olaraq Zəfər qazandı.
Şəhidin həyat yoldaşı Günel Qasımova çıxış edərək, bugünkü tədbirin keçirilməsində əməyi olan, ona və övladlarına göstərilən diqqət və qayğıya görə başda ölkə rəhbəri cənab İlham Əliyev olmaqla hərkəsə öz təşəkkürünü bildirdi.
Sonda qonaqlarla xatirə şəkli çəkildi.