Tariximizi öyrənirik
Aprel ayının 11-də məktəbimizin bir qrup şagird və müəllim heyəti İçərişəhər Tarix-Memarlıq qoruğuna ekskursiyaya getmişdilər. Tariximizin şanlı səhifələrini özündə qoruyub saxlayan bu qoruğa ekskursiya zamanı şagirdlər Qız qalası, Şirvanşahlar sarayı, qədim tikililər barədə məlumatlandırılmış, nadir eksponatlarla tanış olmuşlar. Əcdadlarımızın inşa etdiyi bu şəhərin minilliklərlə mövcudluğunu bu gün bu ərazidə yerləşən abidələr təsdiqləyir. Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi olan İçərişəhərin özünəməxsus taleyi vardır. Şagirdlər memarların, mahir sənətkarların peşəkarlığına heyran qalıb, dövrümüzə gəlib çatmış bu şəhərin dar, əyri-üyrü küçə və meydanlarının zaman keçdikcə necə dəyişdiyinin şahidi oldular. Içərişəhər Tarixi-Memarlıq qoruğuna ekskursiya şagirdlərin milli qürur hissi ilə tərbiyə olunması işində mühüm rol oynadı.