Biz müharibə istəmirik!
Bu gün məktəbin rus bölməsinin şagirdləri “Biz müharibə istəmirik!” mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masanın keçirilməsində məqsəd sülh mövzusu ilə uşaqları vətənpərvərliyə cəlb etməkdir.
Müharibə.... Bu sözün neçə milyon insana bəla gətirməsi, ümumiyyətlə bəşəriyyətə vurduğu ziyan hər kəsə məlumdur. Məqsəd və sonu nə olursa olsun, müharibə insanlığa fəlakət və dəhşətdən başqa bir şey gətirmir.
Bəli, biz də müharibə istəmirik, ermənilərin işğala məruz qalan torpaqlarımızdan dinc yolla çıxmasını arzulayırıq. İstəyirik ki, ətrafdan barıt və qan iyi deyil, sülh və gül qoxusu gəlsin. Ətrafda güllələr deyil, güllər açılsın. Ətrafda silah səsləri, yaralı iniltiləri, körpə nalələri, ana fəryadları, övladını çiynində məzara aparan atanın hönkürtüləri və matəm marşları deyil, Viktor Hüqonun dediyi “körpə qığıltılarının təntənəli himnləri” və qardaşlıq simfoniyası eşidilsin. Lakin təcavüzkar Ermənistan işğal olunmuş ərazilərdən çıxmasa, xalqımın öz torpaqlarını ədalətli müharibə ilə azad etməkdən başqa bir yolu qalmır.