Qoy həmişə sülh olsun
“Məktəblinin dostu” layihəsi çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin dünya görüşünün artırılması, fərqli ölkə və mədəniyyətlərlə tanışlıq, onların bacarıqlarını inkişaf etdirmək, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhval-ruhiyyə yaratmaq olub.
Tədbirə başlamazdan əvvəl istedadlı şagirdlərin əl işlərindən ibarət “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan sərgi nümayiş edilib. Məktəblilər təmsil etdikləri müxtəlif ölkələrin mətbəxi, mədəniyyəti, tarixi və coğrafiyası barədə qonaqları məlumatlandırıblar.
Daha sonra isə məktəblilər tərəfindən müxtəlif ölkələrə məxsus rəqs nömrələri, şeir və musiqilər nümayiş etdirilib.
Tədbirdə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblər iştirak edib. Onlar müvafiq olaraq Fransa, Türkiyə, Özbəkistan, Hollandiya, Gürcüstan, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Albaniya, Rusiya, Yunanıstan, Meksika, Azərbaycan, Rumıniya, İspaniyanı təmsil ediblər.
Tədbirdə 211 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edib.