“Novruzum mənim”

Bəşəriyyətin ən qədim şənliklərindən,mərasimlərindən biri də Novruz bayramıdır.Xalqımızın bu günə qədər yaşatdığı,qoruyub gələcək nəsillərə ötürdüyü,müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş,gələcəyə,xoşbəxtliyə,bolluğa ümidini əks etdirir.Novruz yeni gün,yeni həyat deməkdir.Çünki məhz Novruzda həyat yenidən canlanır,torpaq qış yuxusundan oyanır,bitkilər baş qaldırır,ağaclar çiçəklənir,günəş istisi artır,gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.Bu bayram əsrlərdən əsrlərə bizim milli,dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır.Buna görə də Novruz bizim ümumdövlət,ümummilli bayramımızdır.O da məlumdur ki,ümumxalq,ümumdövlət,ümumölkə amilləri hər bir insan ilə,hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyədə qalxır,insanlarda da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar.Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir,daha da həmrəy edir,xalqımızda daha möhkəm birlik yaradır.Bəzi qədim insanlara görə kainat dörd ünsürdən su, od, torpaq və küləkdən yaranıb. Buna uyğun olaraq da Novruz bayramı ərəfəsində dörd çərşənbə qeyd olunur. Su, od, yel və torpaq çərşənbəsi zamanı tonqallar qalanır, səməni qoyulur, hər ailə üzvünün adına bir şam yandırılır. Çaydan gətirilən sudan həyət bacaya və evlərin dörd tərəfinə səpərlər. Bu da bolluğun, bərəkətin olmasını arzulamaq anlamına gəlir. Bütün bu adətləri yaşatmaq, gələcək nəsillərə də ötürmək ən vacib amillərdəndir. Novruz bayramı münasibətilə məktəbimizdə “Novruzum mənim” adlı tədbir keçirilmişdir. Məqsəd ulu babalarımızdan bizə miras qalmış adətləri yaşatmaq, şagirdlərə milli- mənəvi dəyərləri aşılamaq idi. Tədbirdə məktəbin direktoru, direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Milli geyimli şagirdlər Novruza məxsus adətlərimizi əyani şəkildə nümayiş etdirdilər. Yumarta döyüşmək, qapı pusmaq kimi Novruz adətləri hamı tərəfindən maraqla qarşılandı. Dədə Qorqud, Bahar qızı, Keçəl, Kosa obrazlarında çıxış edən şagirdlər yaratdığı qəhrəmanların özünəməxsus xüsusiyyətlərini məharətlə nümayiş etdirdilər. Milli geyimli şagirdlərin ifasındakı rəqslər, musiqi nömrələri, şer və mahnılar alqışla qarşılandı. Sonda məktəbin direktoru çıxış edərək milli bayramımız - Novruz bayramının tarixi, özünəməxsus adətləri barədə geniş məlumat verdi, şagirdləri bu adət-ənənələri yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək yolunda fədakar olmağa çağırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi