“Xəcalət” tamaşası
Xocalı faciəsinin 27-ci ildönümü məktəbdə silsilə tədbirlərlə qeyd edilir
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi yeddinci ildönümü məktəbimizdə silsilə tədbirlərlə qeyd olunur. Faciənin ildönümü ilə bağlı müxtəlif tədbirlər, sərgilər, yarışlar, faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarətlər təşkil edilir. Bu tədbirlər sırasında bu gün məktəbin şagirdlərinin ifasında yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşası təqdim edildi. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.
Tədbirdə məktəbin şagird-müəllim-valideyn heyəti, qonaqlar: Qarabağ qaziləri, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Qarabağ müharibəsinin ilk snayper qadını və Azərbaycan Respublikasının Qarabağ Əlilləri və Veteranları İB-nin sədri Növrəstə Yusifova, məktəbin valideyni Qarabağ qazisi Xanımzər xanım, şair Salam Sarvan iştirak edirdi.