"Anamız Yer Kürəsi" layihəsi
“İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin nümayəndələri Bakının Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbdə açıq dərsdə iştirak edib. Açıq dərsdə məktəbin ingilis dili müəllimi Gülarə Tağıyeva “Ətraf mühitin qorunması” mövzusunda həyata keçirdiyi layihəni nümayiş etdirib. Layihə tam olaraq ingilis dilində həyata keçirilib. Layihə çərçivəsində həmin məktəbin 7-ci sinif şagirdləri ətraf mühitlə əlaqədar video çarxa baxıb, mövzu ətrafında qruplar şəklində interaktiv qrup işləri həyata keçirib, fikir mübadiləsi edib və kağız tullantıları üçün məktəbin həyətində zibil qutusu hazırlayıblar. Asan xidmətlə əməkdaşlığa əsasən həmin tullantılar yenidən emala göndəriləcək. Layihənin yekununda 211 saylı məktəbin şagirdləri Bakının Nəsimi rayonunda yerləşən 159 saylı tam orta məktəbin şagirdləri ilə Skype vasitəsilə bağlantı yaradıb, mövzu ətrafında onları maraqlandıran sualları müzakirə edib və nəticə çıxarıblar. Bu layihə həm digər müəllimlər, həm də şagirdlər tərəfindən çox müsbət qarşılanıb və bir çoxları könüllü surətdə layihədə iştirak ediblər. Qeyd edək ki, layihənin əsas təşkilatçısı Gülarə Tağıyeva 1998-ci ildən bəri 211 saylı məktəbdə müəllim işləyir və “İTE” əlavə təhsil mərkəzinin təşkil etdiyi “İntel Gələcək üçün Təhsil” təlimini uğurla başa vurmuşdur. Onun həyata keçirdiyi bu layihə də məhz, həmin təlimin yekunu olaraq təqdim olunmuşdur. Bu təlim çərçivəsində müəllimlər Intel “Gələcək üçün Təhsil” V10 proqramı üzrə müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olur, bu mexanizmlərdən dərsdə səmərəli istifadə qaydalarına yiyələnərək dərsi şagirdin marağına və 21-ci əsrin tələbinə uyğun qurmağı öyrənir. Gülarə Tağıyeva: “Mən çox şadam ki, bu təlimlərdən qazandığım bilik bacarıqlar mənə bu layihənin təşkilində, onun sizlərə keyfiyyətli şəkildə təqdim olunmasında çox böyük kömək oldu. Bu təlimlərdən əvvəl iştirakla bağlı çox tərəddüd edirdim, lakin indi o dərəcədə həvəsliyəm ki, daha bir neçə təlimlərdə iştirak etməyi planlaşdırıram”.