7c sinfində nümunəvi dərs keçirildi
Bu gün məktəbimizin biologiya müəllimi Zeynalova Cəmalə tərəfindən hazırlanmış “Həlqəvi qurdların həyat fəaliyyəti” mövzusunda 7c sinfində nümunəvi dərs keçirildi. Dərsin məqsədi şagirdlərə həlqəvi qurdların quruluşu haqqında olan mülahizələri düzgün şərh etməyi, yastı, sap və həlqəvi qurdlarda gedən həyati prosesləri fərqləndirməyi öyrətmək idi. Dərs yeni təlim metodları əsasında WEB-2 alətlərinin köməyi ilə Promethan lövhədən istifadə etməklə keçirilmişdir. Həmçinin dərsdə Beyin həmləsi, sxemlər, müzakirə təlim üsullarından, dərslik, iş vərəqləri, plakatlardan və laboratoriya avadanlıqlarından istifadə edilmişdir. Dərs zamanı şagirdlər mövzuya uyğun olaraq 4 qrupa: I–Həlqəvi qurdlar; II-Sap qurdlar; III-Lentşəkilli qurdlar; IV-Yastı qurdlar bölünmüşdürlər. Lövhədə verilən linkdən istifadə edərək http://portal.edu.az/lessons/az/biology/Onurqasizlar/lo/uc_b4_l014.html “Həlqəvi qurdların həyat fəaliyyəti”ni əks etdirən video filmlər izlənib və “Soxulcanın orqanlarını işarələyin, sonra onların funksiyalarını müəyyən edin” tapşırığı yerinə yetrilmişdir. Bundan sonra şagirdlər fəaliyyət bölməsində “Soxulcanın hərəkəti və qıcığa cavabı” laboratoriya işini canlı soxulcan üzərində işləyiblər. Burada məqsəd soxulcanın hərəkətini müşahidə etmək, qıcığa qarşı cavab reaksiyasını müəyyən etmək olub. Dərsin gedişi zamanı şagirdlər fəal iştirak etdilər. Sonda şagirdlər şərhetmə və fərqləndirmə qabliyyətlərinə görə qiymətləndirilib. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Qasımov Valeh, məktəb psixoloqu Ismayılova Sevinc, biologiya və digər fənn müəllimləri iştirak etdilər. Nümunəvi dərsdə iştirak edən müəllimlər fəal dərsin bütün mərhələləri haqqında müsbət rəy bildirdilər.