“Bu dünyadan bir Bəxtiyar keçdi”
Bu gün müasir Azərbaycan poeziyasında milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa edən görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından 9 il keçir. Şairin əziz xatirəsini yad etmək üçün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Hacıyeva, kitabxanaçılar Ü.Fərəcova və R.Yusibovanın təşkilatçılığı ilə 10 b sinfində B.Vahabzadənin anım tədbiri keçirildi. Tədbirdə müəllim A.Hacıyeva şairin həyat və yaradıcılıq yolundan danışdı. Tədbirin əsas hissəsini şairin “Gülüstan”poeması ətrafında diskussiya təşkil etdi. Şagirdlər poemanın bədii dəyərindən, bədii xüsusiyyətlərindən danışdılar. Poemanın bu günümüzdə də çox aktual olduğu vurğulandı. Şagirdlər bildirdilər ki, B.Vahabzadə daim bütöv Azərbaycan ideologiyası ilə yaşamışdır. Bunu öz əsərlərində istər açıq, istər də simvolik formada tərənnüm etmişdir. Sonra şagirdlər poemadan parçalar səsləndirdilər, videoçarxlar nümayiş etdirdilər. Şairin öz ifasında şeirlərinə qulaq asıldı. Tədbirdə məktəbin direktoru Vaqif Babayev, tərbiyə işləri üzrə direktor müavini Gültəkin Ədilova, müəllimlər və “Məktəbilinin dostu” lahiyəsinin məktəbimizdəki nümayəndələri iştirak etdilər. Sonda G.Ədilova çıxış edərək şairin zəngin yaradıcılığı ilə bağlı fikirlər söylədi.