28 yaşlı Şəhidlərimiz
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı il Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Artıq həmin qəhrəmanlıq tariximizdən 28 il ötür. 2018-ci il başlayar-başlamaz Azərbaycanın hər yerində - ucqar kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, paytaxt Bakıda da silsilə tədbirlər keçirilir, şəhidlərimiz yad edilir. Bu gün bizim məktəbimizdə də faciəyə həsr olunmuş “28 yaşlı Şəhidlərimiz” adlı tədbir keçirildi. Tədbirdə bütün müəllim və şagirdlərimiz iştirak etdilər. Bu möhtəşəm tədbir məktəbimizin musiqi müəllimi İsmayılova Şəlalə və Azərbaycan dili, ədəbiyyat müəllimi Hacıyeva Afaq tərəfindən hazırlanmışdı. Xəlil Rza Ulutürkün həmin qanlı gecəyə həsr etdiyi “Qanlı cəllada” əsəri əsasında şagirdlər maraqlı kompozisiya qurdular. Alim Qasımovun “Xatirələr” adlı əsəri üzərində Larisa obrazı canlandırıldı. Şeirlər söyləndi, mahnılar ifa edildi. Tədbirin sonunda məktəbin direktoru V.Babayev 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.