İrəvan Müəllimlər Seminariyasının 140 illiyi
“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında “ Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 31.01.2022- ci il tarixli F-43 nömrəli əmrini əsas tutaraq 10.03.2022- ci il tarixində məktəbin kitabxana müdiri Ulviyyə xanım və Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə müəllimənin rəhbərliyi ilə 6Ç sinif şagirdləri ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda “ dəyirmi masa” keçirilmişdir.
Tədbirdə məktəblilər 1885-1895-ci illərdə İrəvan Seminariyasında müəllimlik etmiş maarifçi, pedaqoq, ədəbiyyatşünas Firidun bəy Köçərli haqqında elektron məlumat bazası, virtual sərgi və ənənəvi resurslarla tanış olublar.
Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verən kitabxana əməkdaşları onun seminariyanın ilk müəllimlərindən olduğunu, geniş mədəni-maarif işləri apardığını diqqətə çatdırıblar. Firidun bəy Köçərli İrəvan Müəllimlər Seminariyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edib, 1886-cı ildə ilk teatr tamaşası nümayiş etdirib. 1890-cı ildə isə İrəvanda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. Onun 1891-1892-ci illərdə "Təlimi-Sokrat" əsəri və A.S.Puşkindən tərcümə etdiyi "Torçu və balıq" nağılı İrəvan şəhərində, M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib.
Tədbirlərdə həmçinin məktəblilər F.Köçərlinin “Balalara hədiyyə” kitabından kompozisiyalar təqdim ediblər.