Şəhidlər ölməz, Vətən bölünməz!

    "Vətən müharibəsi"ndə Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biri də məktəbimizin məzunu olmuş  Elçin Həsənlidir. 
    Elçin Həsənli 16 Iyun 1993-cü ildə Ağstafanın Həsənsu kəndində müəllim ailəsində dünyaya göz açıb. Ailədə iki qardaş idilər. Elçinin atası Vaqif müəllim universitet, anası Xatirə müəllim isə ibtidai sinif müəllimləridir. Elçin Ağstafada doğulsa da,  sonralar Bakıda yaşayıb. 
    1999-cu ildə Suraxanıda 290 saylı tam orta məktəbin birinci sinfinə daxil olur. Daha sonra təhsilini Nəsimi rayonunda yerləşən Akif Abdullayev adına 211 nömrəli  tam orta məktəbdə davam etdirir. 2010-cu ildə  211 nömrəli  tam orta məktəbi əla qiymətlərlə  bitirir. Orta məktəb təhsili  dövründə bacarıqlı, çalışqan, eyni zamanda nümunəvi şagird kimi yadda qalır.
    Orta məktəbi bitirdikdən sonra 2010-cu ildə qəbul imtahanlarında uğurla iştirak edərək, Azərbaycan Texniki Universitetinin "Elektrotexnika və Energetika" fakultəsinə daxil olur. 2014-cü ildə həmin fakültənin "Elektrik mühəndisliyi" ixtisası üzrə bakalavr diplomu alır. 
    2014-cü ildə sözügedən universitetin magistratura pilləsinə daxil olur. 
    2014-2015-ci illərdə həqiqi hərbi xidmətə yollanır. Xidmətini N saylı hərbi hissədə yerinə yetirir. Hərbi xidmət dövründə komandirlər üçün nümunəvi əsgər, əsgərlər üçün isə yaxşı yoldaş, qardaş olur.
    Karyerasını öz bacarığı və biliyi ilə qururdu. 2017-ci ildə İtaliyada  UNINETTINO Universitetində "Bərpa olunan enerji qaynaqları" üzrə kursda iştirak edərək  sertifikat alır.
    2018-ci ildə "Şirvan ASC"-nin mühəndisi, Sabirabad "ASAN Xidmət"in əməkdaşı olub. 
    2019-cu ildə Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olur. Elmi nəşrlərdə öz ixtisası üzrə bir neçə elmi məqaləsi yayımlanır.
    Elçinin ən yaxın dostu, "Vətən müharibəsi Qazisi" Sərxan Yolçuyev deyir ki, "Elçin çox fərqli biri idi. Hər bir insanda az da olsa qüsur olur, amma Elçində zərrə qədər də qüsur görmədim. Çox ədəbli, saf qəlbli, canıyanan biri idi. Elə, ona görə də Allah ona ən yüksək zirvəni verdi...".
    "Vətən müharibəsi" başlayanda Elçin də digər həmvətənlərimiz kimi  torpağının intiqamını almaq  üçün ayağa qalxır. Sentyabrın 29-da könüllü olaraq ön cəbhəyə yollanır. Füzuli cəbhəsindən Şuşaya qədər ağır və şərəfli  döyüş yolu keçir. Düşmənə qarşı aparılan şiddətli  döyüşlərdə hər zaman xüsusi fəallığı ilə seçilirdi. Qələbəyə sayılı günlər qalırdı... Amma Qələbə gününü görmək Elçinə nəsib olmadı. Şuşa uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına vuruşaraq  Şəhidlik zirvəsinə ucaldı...
    Elçin yaşadığı Xırdalan şəhərində uğruna canından keçdiyi torpağa tapşırılır...
    Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
    Dövlətimiz Elçinin simasında savadlı, bacarıqlı bir kadrını, xalqımız isə igid oğlunu itirdi...
    Subay idi...
   Şəhidimiz,  211 ailəsi olaraq Səninlə qürur duyuruq. Sən bizim qəlbimizdə daim yaşayacaqcan, Azərbaycan Əsgəri! Məkanın cənnət olsun, Cənab Əsgər! Elçin Həsənli Azərbaycandır!
    Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi