Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edildi

2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

Məktəb heyəti əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair onlayn olaraq tədbir həyata keçirdi. Tədbirdə məktəbin müəllim-şagird-valideyn heyəti, eləcə də Əhmədiyyə Cəbrayılovun ailə üzvləri  qızı Almaz xanım, nəvələri iştirak etdi. Tədbiri məktəbin direktoru Həcər Mahmudova giriş sözü ilə açaraq Əhmədiyyə Cəbrayılovun şərəfli ömür yolu barədə məlumat verdi, bildirdi ki, onun Qarabağ müharibəsində övladı şəhid olmuşdur.

Sonra Azərbaycanın qəhrəman övladına həsr edilmiş film-çarx nümayiş etdirildi, şagirdlərin ifasında vətənpərvrlik ruhunda şeir, mahnı və rəqs təqdim etdilər.

Əhmədiyyə Cəbrayılovun qızı Almaz xanım çıxış edərək atası haqqında xatirələrini danışdı və ailəsi adından məktəbə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi