"MİLLİ DİRÇƏLİŞ GÜNÜ"
15 noyabr 2019-cu il tarixdə Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar məktəbimizin tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə “17 Noyabr Milli Birlik və Dirçəliş Günüdür” adlı “Dəyirmi masa” keçirilib. Tədbirdə məktəb direktoru, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Tədbirin giriş hissəsində çıxış edən Bilurə Əliyeva 17 noyabr Milli Azadlıq Hərəkatının səbəbləri, meydan hərəkatının tarixi əhəmiyyəti barədə ətraflı məlumat verdi. Bu hadisələrlə bağlı şagirdlər vətənə, dövlətimizə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, videoçarxlar izləyiblər.
Sonda məktəb direktoru Xoşqədəm Bağırova öz çıxışında bildirib ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Məhz o gündən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Onun əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.