"Bilik günü" qeyd olunub
15 sentyabr Respublikada “Bilik günü” kimi qeyd olunur. Bu bayram Binəqədi rayonu 205 nömrəli tam orta məktəbdə də böyük təntənə ilə keçirildi. Tədbiri məktəbin direktoru Bayaz Novruzova çıxış edərək Vətənimizin azad gələcəyinin təməlini qoymuş Ulu öndərimiz H.Əliyevin təhsilə həmişə yüksək qiymət verdiyini, “Təhsili olmayan millətin gələcəyi yoxdur” sözləri ilə açdı. Dahi lider Azərbaycan xalqının övladlarını elmlərə yiyələnməyə, vətənimizi ağıl və biliklə qorumağa çağırdığını tövsiyyə etmişdir. Bu gün onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev təhsilimizin tərəqqisi üçün heç nəyi əsirgəmədiyini, imzaladığı fərman və sərəncamlara əsasən doğma Azərbaycanımızın hər bir guşəsinin və hər bir qarışının abadlaşdırıldığını qeyd etdi. B. Novruzova bildirdi ki, hər il məktəbi onlarla şagird bitirir, tələbə adını qazanırlar. Bu il də əvvəlki illərdə olduğu kimi şagirdlərimiz uğurlu nəticələr əldə ediblər. Məzunlardan 45%-i ali mərtəblərə qəbul olunub. Onlardan Qurbanzadə Arzu 655 bal, Sadıqzadə Aytac isə 610 bal toplayaraq yüksək nəticələri ilə fərqlənmişlər. Tədbirdə şəhid Rövşən İmanovun anası Səkinə xanım və Binəqədi qəsəbəsi Bələdiyyəsinin üzvü Mətanət Nəsibova iştirak etmişlər. Onların hər biri şagirdləri təbrik etmiş, vətənpərvər olmağa, vətəni sevməyə çağıraraq, bu gün Azərbaycanımızın tarixi, keçmişi, bu günü, gələcəyi gənclərin çiyinləri üzərində olduğunu vurğulamışlar. Sonda şagirdlərin ifasında vətən haqqında şeirlər və mahnılar səsləndi.