Şagirdlərin Xalça muzeyinə ekskursiyası təşkil olunub
19.05.2017-ci il tarixdə məktəbimizin VI sinif şagirdləri xalça muzeyində ekskursiyada olmuşlar. Şagirdlərimizə Azərbaycan xalçası və digər dekorativ tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya, qədim yaşayış evlərinin sxemləri, maketləri, qiymətli bəzək əşyaları , milli geyimlər haqqında geniş məlumat verilmişdir. Qeyd olunub ki, Azərbaycan xalq tətbiqi sənəti olan xalçaçılıq xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Bundan başqa muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, zinyət əşyaları və soyuq silahlar, çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar, bədii tikmə kişi, qadın və uşaq milli geyimləri, zərif naxışlı bədii metal məmulatları şagirdlərə nümayiş etdirildi. Həmçinin ekskursiya zamanı xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri, xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında şagirdlərə geniş məlumat verilmişdir. Xalça muzeyinə ekskursiya şagirdlərdə çox böyük təəssürat yaratdı.