BŞTİ TƏRƏFİNDƏN HƏR BİR ŞAGİRDİN DİQQƏTDƏ SAXLANILMASI BİR ÖRNƏKDİR
BTŞ-nin müdiri Mehriban Vəliyevanın təşəbbüsü ilə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan şəhid övladları-məktəblilərlə onlayn görüş keçirildi.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, xalq artisti Nurəddin Mehdixanlı, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və şəhid övladları iştirak ediblər.
İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman vətən oğullarının şücaətindən danışıldı.
Onlayn görüşdə məktəbimizdə təhsil alan şəhid Baş Leytenant Daşdəmir Paşayevin qızı Zeynəb Paşayeva da iştirak edirdi.
Azərbaycan Ordusunun ehtiyyatda olan baş leytenant kimi Daşdəmir Paşayev 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunmuşdur. Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. 8 noyabr 2020-ci ildə Şuşada şəhid olmuşdur.
Görüşdə çıxış edən BŞTİ-nin müdiri M.Vəliyeva xalqımıza misilsiz qələbə sevincini bəxş edən şəhidlərimiz kimi, onların ailə üzvlərinin də bizim üçün çox dəyərli olduğunu söyləyib. Şəhid övladlarının qürurverici bir ad daşıdıqlarından, gələcəkdə öz valideynlərinə layiqli övlad olub Vətənin fəxri olmalarından, şəhidlərin adını əbədi yaşatmalarından bəhs etdi. Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, xalq artisti Nurəddin Mehdixanlı Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun gücünü-birliyini bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhidlərin ailələrinin daim xüsusi diqqət mərkəzində olacağını vurğulayıblar.