Bülbül-120

28.11.2017-ci il tarixində E. Heydərov adına 197 saylı tam orta məktəbdə milli profesional vokal məktəbinin yaradıcısı Bülbülün 120 illiyinə həsr olunmuş tədbir keçirildi.
“Sevgili canan” romansı ilə tədbir açıq elan edildi, sonra məktəbin direktoru E.Namazova çıxış etdi. O, çıxışında Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətlərinin əvəzsiz olduğunu qeyd etdi. Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini İ. Salmanova çıxış edərək Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində olduğunu bildirdi. Ecazkar səsi ilə hamını heyran qoyan, öz şaqraq zəngulələrilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkar Murtuza Məşədi Rza oğlu Məmmədov haqqında geniş məlumat verdi.
Şagirdlər öz çıxışlarında Şuşa torpağının yetirməsi olan Bülbülün həyat və yaradıcılığı haqqında danışdılar.
Bülbül bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olan bir ifaçı idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi.
Tədbirin sonunda Bülbülün 120 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Xalqımız xüsusi qədirbilənliklə Bülbülün xatirəsini əziz tutur, gələcək nəsillər üçün onun adını əbədiləşdirir. Azərbaycan xalqı yaşadıqca, Bülbül də yaşayacaqdır.