Molla Pənah Vaqif - 300

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin verdiyi Sərəncama əsasən respublikamızın hər yerində M.P.Vaqifin yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir.
E.Heydərov adına 197 saylı məktəbdə də M.P.Vaqifin “300" illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. 28.XI-2017-ci il tarixində məktəbimizin kitabxanasında şairin həyat və fəaliyyətini əks etdirən “ Dəyirmi masa” təşkil olundu. Tədbirdə məktəbin ədəbiyyat müəllimləri Abbaslı Asif, Bağırova Sevinc və Məmmədrəhimova Elnarə, həmçinin məktəbin təşkilatçısı Salmanova İradə, UBR Heydərova Vüsalə, kitabxana müdiri Məmmədova Zülfiyyə və məktəbin 5-ci, 6-cı sinif şagirdləri də iştirak etdilər.
Tədbiri məktəbin kitabxana müdiri Məmmədova Zülfiyyə açıq elan etdi. Sonra isə şair haqqında çıxış edərək bildirdi ki, Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. Daha sonra ədəbiyyat müəllimi Abbaslı Asif cıxış edərək bildirdi ki, Vaqifin əsərlərindəki məhəbbət orta əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin böyük əksəriyyətinin şeirlərinə xas olan sufi-mistik rəmzlərdən tamamilə azaddır. Vaqif öz əsərlərində həyat eşqini, hicranın acısını və vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir. Ədəbiyyat müəllimi Məmmədrəhimova Elnarə şair haqqında çıxışında bildirdi ki, Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismini aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.
Sonra isə 5b sinif şagirdləri: Qulamhüseynova Nigar, Ağaliyeva Zəhra,Mustafazadə Gülarə,Sultanzadə Zilbənd M.P. Vaqifin şeirlərini səsləndirdilər. Həmçinin şairə həsr edilmiş slayd göstərildi.
Tədbiri kitabxana müdiri Məmmədova Zülfiyyə. bağlı elan etdi və bildirdi ki, şagirdlərdə şeirə, poeziyaya olan marağı artırmaq, nitq mədəniyyətini, yaradıcı təfəkkürü inkişaf etdirmək məqsədilə məktəbimizdə daim belə tədbirlərin keçirilməsi vacibdir.