Ekoklub üzvləri Zooloji muzeydə
Payız tətili günlərində məktəbimizin Ekoklub üzvləri və VIIc sinif şagirdləri heyvanlar aləminin biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanılması tədbirləri ilə tanışlıq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda fəaliyyət göstərən Zooloji Muzeydə ekskursiyada oldular. 1971-ci ildə yaradılan Zooloji muzeyin əsas məqsədi Azərbaycan və dünya faunasına aid olan canlıların biologiyasını, ekologiyasını, biosferdə rolunu tədqiq etmək, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin qorunması üçün mühafizə tədbirlərini hazırlamaq, həm də muzeyin ekspozisiya və kolleksiya fondunu inkişaf etdirməklə əhali arasında zooekoloji biliklər təbliğ etmək, ekoloji tərbiyəni formalaşdırmaqdır. Zooloji muzeyin ekspozisiya fondunda Azərbaycan və dünyanın heyvanlar aləmini təmsil edən canlıların müqəvva, skelet, yaş preparatlarından ibarət kolleksiyası məktəblilərin böyük marağına səbəb oldu. Hazırda sərgilənən 1703 eksponatdan 314 ədədi son 10 ildə muzeyin ekspozisiya fonduna daxil edilib və 257 eksponat onurğalı heyvanların müxtəlif siniflərinə aiddir. Xəzər, Azov, Yapon və Berinq dənizlərində, Sakit okeanda yayılan balıq növləri ilə yanaşı, müxtəlif növlü amfibilər, sürünənlər, quşlar və məməlilər Azərbaycan və dünya faunası haqqlında gənc ekoloqların biliklərini daha da artırdı. Hindistanın nəhəng Asiya fili, savannalarının sakini olan Afrika şiri, torşəkilli zürafə, Amerikada yayılan puma, Avrasiya səhralarında yayılan sayqak, Sibir dağ keçisi, qonur ayı və digər vəhşi heyvanların ekologiyası və həyat tərzi haqqında məlumatlar maraqla dinlənildi. Sonda Ekoklub üzvləri və digər şagirdlər xatirə şəkli çəkdirərək, muzeyin rəy və təkliflər kitabına öz təəssüratlarını qeyd etdilər.