Məktəbimizdə ADNSU rektoru ilə görüş keçirilib
Martın 11-də Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin rektoru professor Mustafa Babanlı və bir qrup işçi heyəti məktəbimizdə qonaq oldular. Görüşü açılış sözü ilə açan Rəna Süleymanova məktəb haqqında məlumat verdikdən sonra sözü Mustafa Babanlıya verdi. Rektor belə görüşlərin onun üçün necə əhəmiyyətli olduğunu söylədi. Sonra universitetin tarixindən, onun fəaliyyətindən bəhs edən rektor son illər tədris sahəsində gedən dəyişikliklərdən söz açdı. Mustafa Babanlı ölkənin ən qədim təhsil ocaqlarından olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni fakultələrin yaranmasından, strateji əhəmiyyətli sahə olan yanacaq-enerji və kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərdən və onların təlim-tərbiyəsində 100-dən çox professor, elmlər doktoru və elmlər namizədlərinin məşğul olmalarından söz açaraq şagirdləri bu universitetdə təhsil almağa dəvət etdi. Rektor eləcə də təhsil alanlar üçün geniş şəraitin yaradılmasından, ADNSU- nun müxtəlif beynəlxalq istiqamətlər üzrə inkişafından söz açaraq, xarici ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığını vurğuladı. Şagirdlər üçün maraqlı olan “TASİS-TEMPUS” proqramı çərçivəsində xarici universitetlərlə əlaqələr haqqında da geniş məlumat verdi. Sonda Mustafa Babanlı şagirdləri maraqlandıran bir çox sualları dolğun cavablandıraraq onlara düzgün istiqamət seçməyi tövsiyə etdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.