“Vidanın başlanğıcı” adlı Son zəng tədbiri keçirildi
Bu gün bütün ümumtəhsil məktəblərində olduğu kimi bizim məktəbdə də “Vidanın başlanğıcı” adlı Son zəng tədbiri keçirildi. Tədbirdə Yasamal rayon icra hakimiyyətinin müavini Təravət Muradova, BŞTİ-nin Maliyyə və Mühasibatlıq Sektorunun böyük məsləhətçisi İlhamə İmanova, məktəbin sabiq məzunları və valideynlər iştirak edirdi. Tədbirdə məktəbin 11-ci sinif şagirdləri hazırladıqları çıxışlarını təqdim etdilər. Məktəbin direktoru Rəna Süleymanova şagirdlərə öz ürək sözlərini söyləyərək, Son zəng münasibətilə onları təbrik etdi. Onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. 11-ci siniflər də öz növbəsində musiqi və rəqs nömrələri ilə çıxış edərək tədbiri daha da rövnəqləndirdilər. Sonra beynəlxalq olimpiadanın qalibi Faiq Məmmədzadə qazandığı medalı I sinif şagirdi İmanlı Uğura təqdim etdi və ona uğura aparacaq yollar arzuladı. Sonra şagirdlər öz ürək sözlərini müəllimlərinə və valideynlərinə söylədilər. İcra Hakimiyyətinin müavini Təravət Muradova məzunları təbrik edərək, onlara müstəqil həyatda mətin və inamlı olmağı arzu etdi. Birlikdə ifa olunan mahnının sədaları altında “Vidanın başlanğıcı” adlı tədbir sona çatdı. Sonda 2018/2019-cu ilin məzunları üçün Son zəng səsləndi.