Mikayıl Müşfiqin 111 illiyinə həsr olunmuş poeziya günü keçirildi
İyunun 5-də Yasamal rayon Müşfiq parkında Yasamal rayon İcra Hakimiyyətinin “Cabir Novruz” Mədəniyyət fondunun və “Könüllülər” Kitabxana İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 111 illiyinə həsr olunmuş poeziya günü keçirildi. Abidə ətrafı bütünlüklə Mikayıl Müşfiq yaradıcılığından xəbər verirdi, hər yan gül-çiçəklə bəzədilmişdi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “Cabir Novruz” Mədəniyyət fondunun sədri Cavanşir Qurbanov, Respublika Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əsgərzadə, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbin rəhbərliyi və müəllim heyəti və Müşfiqsevər ziyalılar iştirak edirdi. Hər il iyun ayının beşi -dahi Müşfiqin doğum günü vətənimiz Azərbaycanda şairlər günü kimi qeyd edilir.Tədbir iştirakçıları şairin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun yaradıcılığının gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində əvəzsiz xəzinə olduğundan söhbət açdılar. 18 nömrəli məktəbin direktoru, əməkdar müəllim Rəna Süleymanova, məktəbin müəllimləri Aynur Mustafayeva və Fatimə Məmmədova şair haqqında ürək sözlərini bildirdilər və Müşfiqə həsr etdikləri şeirlərini söylədilər. Çıxışlar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Sonra Mikayıl Müşfiqin şeirlərinə həsr olunmuş mahnılar ifa olundu. Tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonunun Sayadlar kəndində davam etdirildi.