Latviya rəssamı İveta Vetsenanenin sərgisində
Mayın 15-də şagirdlərimiz OCEP 2019 layihəsi çərçivəsində Latviya səfirliyinin dəvəti ilə Müasir İncəsənət Muzeyində oldular. Muzeydə məşhur Latviya rəssamı İveta Vetsenanenin “Kəhrəba Saplardan dalğalar” adlı fərdi sərgisi nümayiş olundu. Sərgidə rəssamın xüsusi zövqlə işlənmiş 20-dən çox qobeleni təqdim olunmuşdu. Müxtəlif illərdə toxunmuş bu xalçalar naxışlarının müxtəlifliyi, rənglərinin əlvanlığı, çalarlarının rəngarəngliyi ilə diqqəti cəlb edirdi. Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Viya Buşe şagirdləri salamlayaraq, sərginin Latviya Respublikasının 100 illiyinə həsr olunduğunu bildirdi. O, İveta Vetsenanenin yaradıcılığı haqqında geniş məlumat verdi, sonra onun toxuculuq nümunələrinə həsr olunmuş video-çarx nümayiş olundu. Rəssamın kəhrəba saplardan istifadə etməklə toxuduğu yeni xalçalar xüsusi marağa səbəb oldu. Viya Buşe bu sapların kəhrəba və poliamid tozunun qarışığından əldə edildiyini və uzunömürlü olduğunu bildirdi. Eləcə də İveta Vetsenanenin uşaqlar üçün kitablar yazdığını və bu kitablara gözəl illüstrasiyalar hazırladığını da qeyd etdi. Sonra şagirdlər Müasir İncəsənət muzeyinin zəngin kolleksiyası ilə tanış oldular. Sonda xatirə şəkilləri çəkdirildi.