Veteranlarla görüş
Mayın 9-da faşizm üzərində Qələbənin 74-cü ildönümü təntənə ilə qeyd olundu. Tariximizə “Qələbə günü” kimi düşmüş bu günlə əlaqədar müharibə veteranları ilə görüş keçirildi. Məktəbimizin müəllim və şagird kollektivi Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilən anım tədbirində iştirak etdi. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, abidənin önünə əklil və gül dəstələri düzüldü. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov veteranlarla görüşdə bildirdi ki, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Şagirdlərimiz veteranlarla görüşdülər, onların müharibə xatirələrini diqqətlə dinlədilər, birlikdə şəkil çəkdirdilər. Görüşdə çıxış edən veteranlar ölkə başçısı cənab İlham Əliyevə veteranların problemlərinə xüsusi diqqət yetirdiyinə, onlara hərtərəfli qayğı ilə yanaşdığına və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atdığına görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur.