“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi üzrə görülən işlər
Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi üzrə məktəbimizdə “Ekoerudit” Ekoklub üzvləri“Yaşıl dizayn” nominasiyası üzrə bir sıra tədbirlərdə iştirak etdilər. Gənc ekoloqlar otaq bitkilərinin bioloji müxtəlifliyini öyrəndi, onların bioekoloji xüsusiyyətləri, vətəni, böyümə və inkişafı haqqında məlumat topladılar. Məktəbin sinif otaqlarında və foyelərdə qoyulmuş otaq bitkilərini qeydiyyata alaraq hansı siniflərdə bitkilərə düzgün aqrotexniki qulluq göstərildiyini müəyyən etdilər. Məktəbdə 300-dən artıq otaq bitkisi qeydə alındı.
Məktəbdə və mənzildə becərilməsi məsləhət görülən otaq bitkiləri haqqında xüsusi təqdimat hazırlandı. Ekoklub üzvləri otaq bitkilərinin şagirdlərin əhval-ruhiyyəsinə təsiri, virus və mikroblara qarşı mübarizə aparan fitonsidlər, insanın sağlamlığı üçün onların əhəmiyyəti barədə məlumat verdilər.Gənc ekoloqlar arasında mənzilin və sinfin yaşıl dizaynına aid layihə müsabiqəsi keçirildi.
Ekoklub üzvləri müxtəlif otaq bitkilərini qələm və kiçik pöhrələr vasitəsilə artıraraq sinifdə yaşıl guşə yaratdılar. VII sinif şagirdləri mənzillərdə becərdikləri otaq bitkilərini məktəbə hədiyyə etdilər. Gənc ekoloqlar məktəbin I sinif şagirdləri ilə görüşərək otaq bitkilərinin əhəmiyyəti və maraqlı xüsusiyyətləri barədə söhbət etdilər. Müxtəlif otaq bitkilərini dibçəklərdə əkib kiçik dostlarına hədiyyə etdilər. Eyni zamanda otaq bitkilərinə düzgün qulluq qaydalarını onlara izah etdilər.