“Yarat” Müasir İncəsənət Mərkəzinə ekskursiya
Məktəbimizin “Ekoklub” üzvləri 18 aprel 2019-cu il tarixində “Yarat” Müasir İncəsənət Mərkəzinin yeni ekspozisiyası ilə tanış oldular. Fransada yaşayan azərbaycanlı rəssam Babi Bədəlovun yeni janrda yaratdığı rəssamlıq əsərləri “Zaratustra” adı altında burada sərgilənir. VII-VIII sinif şagirdlərindən ibarət “Ekoklub” üzvləri Azərbaycanda qədim köklərə malik zərdüştlikdən qaynaqlanan və müasir dövrümüzün müxtəlif tendensiyalarını əks etdirən kətan lövhələr üzərindəki yazılar şagirdlərin böyük marağına səbəb oldu. Tekstil və rəngkarlığın sintezindən yaranan əsərlər ilk baxışdan sadə görünsə də düşündürücü təəssürat oyatdı. Gənc ekoloqlar beşlikdən ibarət işçi qruplarda interaktiv çalışmanı yerinə yetirərək əsərlərdə əks etdirilən sözlərdən ibarət krossvordu cavablandırdılar. Sonra hər bir qrup krossvordun mərkəzində yaranan “Külək”, “Retro”, “Paris”, “Naxış” və “Sənət” sözlərini tekstil üzərində ornamentlərlə əks etdirdi. “Ekoklub” üzvləri birlikdə yaratdıqları kreativ sənət əsərini doğma məktəbə hədiyyə etdilər.