“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi üzrə görülən işlər
Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsində məktəbimizin yuxarı sinif şagirdləri “Yaşıl yeməkxana” nominasiyası üzrə “Sağlam qida-sağlam həyat” mövzusunda praktik məşğələdə iştirak etdilər. “Ekoklub” üzvləri məktəbin yeməkxanasında olan qida məhsulları ilə tanış olaraq gündəlik menyunu qeydə aldılar. Dərsarası tənəffüs zamanı xüsusi sorğu vərəqləri vasitəsilə məktəblilər arasında şagirdlərin üstünlük verdiyi qida məhsulları öyrənildi. “Ekoklub” üzvləri qida məhsullarının keyfiyyəti haqqında şagirdlərin rəyini soruşaraq təklif edilən yeməklərə onların münasibətilə maraqlandılar. Eyni zamanda məşğələlərdə məktəblinin qida rasionu və orqanizmin sağlam böyüməsi üçün tələb olunan qida məhsulları haqqında təqdimatla çıxış edən gənc ekoloqlar müzakirələr keçirdilər.
“Ekoklub” üzvləri insan sağlamlığı üçün təhlükəli məhsulları xüsusi guşədə nümayiş etdirərək onların zərərini uşaqlara izah etdilər. “Koka-kola”, “Bizon” kimi içkilərin, müxtəlif bioloji qatqılardan ibarət çipsilərin və digər qida məhsullarının insanın qara ciyərində, tənəffüs və mədə-bağırsaq orqanlarında gələcəkdə ciddi fəsadlar yaratması, hətta sağalmaz xəstəliklərə səbəb olması barədə məlumat verildi. Uşaq və yeniyetmələrin sağlamlığının gənc yaşlarından qorunmasının vacibliyi xüsusi qeyd olundu. Ekoklub üzvləri Murad Həsənov, Kənan Rəhmanov, Rza Cavadzadə və Güllü İbrahimovanın təqdim etdikləri “Sağlam qidalanma” adlı ekoloji səhnəciyə aid hazırlanmış videoçarx həmyaşıdları arasında müzakirə edildi.