“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” məktəblilərin III Respublika müsabiqəsində “Ekoklub” üzvlərinin uğurlu iştirakı

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində 14-15 aprel 2019-cu il tarixlərində keçirilən müsabiqənin Respublika mərhələsində  məktəbimizin “Ekoklub” üzvləri təcrübəçilik işləri ilə iştirak etdilər. 2018-ci ilin iyun ayında Bakı-Abşeron zonası üzrə keçirilən müsabiqənin ilk mərhələsində gənc ekoloqların təqdim etdikləri təcrübə işləri 100 balla qiymətləndirilərək final mərhələdə iştirak etmək hüququ qazandı. “Ekoklub”un üzvü Səma Balayeva “Azərbaycanın nadir bitkiləri-torlu süsən, müsəlman süsəninin və “Şərqin səhəri” Azərbaycan qızılgül sortunun mədəni şəraitdə artırılması” mövzusunda elmi-tədqiqat işi və Əli Fətullazadənin “Azərbaycanın lobya sortlarının mədəni şəraitdə becərilməsi” mövzusunda təcrübəçilik işi münsiflər heyəti tərəfindən yüksək  qiymətləndirildi. İl ərzində aparılan təcrübə işlərinin elmi rəhbərləri AMEA Mərkəzi Nəbatat Bağının şöbə müdirləri, biologiya üzrə fəlsəfə doktorları Asəf İskəndərov və Yusif Zeynalov gənc ekoloqlarla dəfələrlə görüşüb tədqiqatın aparılmasında köməklik göstərdilər. Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş tükənməkdə olan torlu və müsəlman süsənini mədəni şəraitdə artırmaqla onların qorunub saxlanması işinə gənc ekoloqlar öz töhfələrini verdilər.“Şərqin səhəri” Azərbaycan qızılgül sortu məktəbdə və həyətyanı sahədə sınaqdan keçirilmiş və Mikayıl Müşfiqin abidəsi önündə əkilməsi nəzərdə tutulmuşdur.

Münsiflər heyətinin qərarı ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”III Respublika müsabiqəsinin “Gülçülük” nominasiyası üzrə “Ekoklub”un üzvü Səma Balayeva I yerə layiq görülərək qızıl medalla, “Tərəvəzçilik”  nominasiyası üzrə Əli Fətullazadə sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi