“Gələcəyin mühəndisi” müsabiqəsi
Məktəbimizin “Ekoklub” üzvləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsində iştirak etdilər. Müsabiqənin əsas məqsədi məktəblilərin astonomik biliklərinin artırılması, bu sahədə ixtisas seçiminin istiqamətləndirilməsi, kosmik tədqiqatlara və kosmik mühəndisliyə marağın formalaşdırılmasıdır. “Ekoklub”un üzvləri Sevinc Şirəliyeva və Gülsüm Kəngərli tullantılardan təkrar istifadə etməklə hazırladıqları Azərbaycanın gələcək kosmik gəmilərinin maketlərini müsabiqəyə təqdim etdilər. Müsabiqədə iştirak edən 24 məktəb üzrə 63 məktəblinin hazırladığı maketlər astrofizika sahəsində görkəmli alimlər, mühəndislər və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Aprel ayının 10-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş astrofestivalda “Gələcəyin mühəndisi” müsabiqəsinin iştirakçılarının hazırladığı 100 kosmik gəmi maketi, kosmik geyimlər və həvəskar astronomların foto sərgisi nümayiş etdirildi. 12 aprel- Ümumdünya Aviasiya və Kosmonavtika günü münasibətilə Tusi-Bohm Planetariumda müsabiqənin yekun tədbiri keçirildi. Ekoklub üzvləri xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırıldılar. Tədbir iştirakçıları üçün kosmik kainatın sirlərinə həsr olunmuş filmlər nümayiş etdirildi.