31 Mart soyqırımına həsr olunmuş tədbir keçirildi
Martın 29-da məktəbimizdə 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə 7-10-cu sinif şagirdləri iştirak edirdi. Məktəbin tarix müəllimi Nailə Musayeva həmin dövrdəki siyasi-ictimai vəziyyət, soyqırımın səbəbləri və tarixi haqqında geniş məlumat verdi, Bakıda, Qubada, Şamaxıda dinc əhaliyə tutulan amansız divan haqqında ətraflı danışdı. Tarix müəllimi Şəlalə Mirzalıyeva şagirdləri xalqımıza qarşı dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırım haqqında məlumatlandırdı, müxtəlif tarixi dövrlərdə Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətinin xronologiyasını xatırladaraq əhatəli şəkildə izah etdi. Məktəbimizin hərbi rəhbəri, Qarabağ müharibəsinin iştirakçısı Telman Məmmədov şagirdlərə vətənpərvər olmağı, düşmənə qarşı barışmaz mövqe tutmağı, azərbaycançılıq məfkurəsinə sadiq olmağı, vətənin hər bir qarışını göz bəbəyi kimi qorumağı tövsiyə etdi. Sonda məktəbimizin şagird və müəllimlərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti və birgə hazırladıqları videofilm nümayiş olundu.