OCEP 2019 layihəsi çərçivəsində böyük idman festivalı keçirildi
Martın 18-də OCEP 2019 layihəsi çərçivəsində böyük idman festivalı keçirildi. Milli Olimpiya Komitəsinin əməkdaşları festivalın qonağı oldular. Əvvəlcə Azərbaycan və Latviya komandaları olimpiya marşının sədaları altında zala daxil oldular. Azərbaycan və Latviya Respublikalarının dövlət himnləri səsləndi. Sonra “Bakı” və “Riqa” komandaları arasında futbol matçına start verildi. Oyuna “Neftçi” idman klubunun (“U-15”) baş məşqçisi Ramil Həbibov hakimlik edirdi. Böyük coşqu ilə keçən oyun 6:5 hesabı ilə Riqa komandasının qələbəsi ilə bitdi. Qaliblərə kuboku MOK-nın idarə rəisi Mehman Kərimov təqdim etdi. Sonra estafet yarışları başladı. Komandalar maneələri dəf etməklə qaçışda iştirak etdilər, basketbol topunu səbətə ataraq öz komandalarına xal qazandırdılar. Son estafet hərflərin ötürülməsi ilə qaçış idi. Estafetin sonunda komandalar “Bakı 2019” və “Riqa 2019” sözlərini yığdılar. Sonda milli geyimli şagirdlər “OCEP 2019” yazılmış, Azərbaycan və Latviyanın görüntüləri olan plakatı təntənəli şəkildə tədbir iştirakçılarına təqdim etdilər. Tədbirə Keçəl, Kosa və Bahar qızının gəlməsi festivala xüsusi rəng qatdı. Hamı yallı getdi, yumurta döyüşdürüldü, milli rəqslər və mahnılar ifa olundu. OCEP 2019 layihəsi çərçivəsində tədbirlər davam edəcək.