Təbiətin bəxş etdiyi naxışlar: qədim el sənəti ilə tanışlıq
Məktəbimizin “Ekoklub” üzvləri 14.03.2019-cu il tarixində İçərişəhərdə yerləşən “Kiçik QalArt” qalereyasında “Kəlağayı: Dünən, bu gün, sabah” adlı sərgidə iştirak etdilər. Sərginin əsas məqsədi maarifləndirici və interaktiv eksponatlar vasitəsilə xalqımızın qədim el sənəti haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Sərgidə təqdim olunan ölkənin ən ucqar bölgələrindən toplanmış qədim kəlağayılar “Ekoklub” üzvlərinin böyük marağına səbəb oldu. Məktəblilər ilkin olaraq Azərbaycan və Gürcüstan muzeylərindən təqdim edilmiş arxiv fotolarına tamaşa etdilər. Təbii üsullarla baramadan ipəyin istehsalı texnologiyası, ipək parçaların növləri, təbii boyaların alınması üsulları haqqında interaktiv lövhələrlə tanış oldular. Təbiətdən köçürülən naxışların xüsusi möhürlər (qəliblər) vasitəsilə ipək üzərinə köçürülməsi haqqında məlumat bir anlıq sərgi iştirakçılarını sehrli rənglər dünyasına apardı. Zirinc, qarağat, narıngi, zəfəran, sumağ və digər bitkilərdən alınan boyalarla rənglənmiş qədim kəlağayıların öz gözəlliyini indiyə qədər qoruyub saxladığına əmin oldular. “Ekoklub” üzvləri kəlağayının müxtəlif geyim üsullarını öyrəndilər vəşəkillər vasitəsilə mini kəlağayı hazırlamaq imkanı əldə etdilər.