Xocalı faciəsinə həsr olunmuş "Başdaşı əhvalatı" kitabı müzakirə olundu
Fevralın 26-da Salatın Əhmədlinin Xocalı faciəsinə həsr olunmuş "Başdaşı əhvalatı" kitabı müzakirə olundu. 3 dildə nəşr olunmuş və Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən bu kitab 10-cu sinif şagirdləri tərəfindən geniş təhlil olundu. Şagirdlər kitabdakı hadisələri, ermənilərin riyakar xislətini, baş verəcək hadisələrə çoxdan hazırlaşdığını, xalqımızın başına gətirilən müsibətləri müzakirə edərkən çox sarsıldılar. Onlar Xocalı faciəsi ilə bağlı hazırladıqları kompozisiyanı tədbir iştirakçılarına təqdim etdilər. Sinif müəllimi Lalə Məmmədova uşaqlara Xocalı faciəsini unutmamağı, bu faciəni bütün dünyaya tanıtmağı tövsiyə etdi. Sonda məktəbin direktoru Rəna Süleymanova çıxış edərək bildirdi ki, rus və ingilisdilli oxuculara təqdim olunan bu kitab XX əsrin ən dəhşətli faciəsi, ən böyük soyqırımı olan Xocalı hadisələri haqqında bir qələm adamının müşahidələrinin sözlə ifadəsidir. Salatın Əhmədlinin "Başdaşı əhvalatı" kitabı xalqımızın başına gətirilən müsibətlərin dünyada yayılması baxımından olduqca əhəmiyyətlidir.